AZERBAYCAN MİLLİ ELMLER AKADEMİYASI NESİMİ İNSTUTU
1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. Azərbaycan Respublikasında dilçilik sahəsində başlıca elmi-tədqiqat mərkəzi kimi tanınan Dilçilik İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası ilə bir gündə — 1945-ci il martın 27-də yaradılmış, həmin il mayın 21-də təsdiq edilmiş və İctimai Elmlər Bölməsində yaradılmış dörd elmi tədqiqat institutundan biri olmuşdur. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi Nəsiminin adı verilmişdir.
Fəaliyyətə başladığı zaman dörd şöbədən (Müasir Azərbaycan dili, Azərbaycan dili tarixi, Azərbaycan dialektologiyası və Lüğətçilik şöbələrindən) ibarət olan Dilçililik İnstitutunun ilk direktoru Miryusif Mirbabayev olmuşdur . 1950-ci ildə Dilçilik İnstitutu Ədəbiyyat İnstitutu ilə birləşdirilmiş, 1960-cı ildə İnstitutun direktoru akademik M.Ş.Şirəliyev olmuşdur.
1969-cu ildə Dilçilik İnstitutu Ədəbiyyat İnstitutundan ayrılaraq müstəqil fəaliyyətə başlamış və həmin ildən 1987-ci ilədək İnstituta akademik M.Ş.Şirəliyev rəhbərlik etmişdir.
1988-ci ildə İnstitutun direktoru vəzifəsinə Azərbaycan MEA-nın müxbir üzvü fıl.e.d., prof. Zərifə İsmayıl qızı Budaqova seçilmiş və iki il müddətində bu zəngin tarixi olan elmi-tədqiqat müəssisəsinə rəhbərlik etmişdir. 1990-2011-ci illərdə isə Dilçilik İnstitutunun direktoru AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı fil.e.d., professor Ağamusa Ağası oğlu Axundov olmuşdur. 2012-2013-cü illərdə İnstitutun direktoru vəzıfəsini fil.e.d., prof.Fəxrəddin Yadigar oğlu Veysəlli icra etmişdir.
2013-2015-ci illərdə Dilçilik İnstitutuna görkəmli türkoloq-dilçi, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofiq İsmayıl oğlu Hacıyev rəhbərlik edib.
2015-ci ildən Nəsimi adına Dilçilik İnstitutuna filologiya üzrə elmlər doktoru, akademik Möhsün Nağısoylu rəhbərlik edir.
Azərbaycan dilçiliyinin formalaşması və inkişafı problemləri üzərində işləyən İnstitut fəaliyyət göstərdiyi müddətdə 600-dan çox monoqrafiya və kollektiv elmi-tədqiqat əsərləri, məcmuələr çap etdirmiş və onların bir çoxu ölkədə, eləcə də xaricdə yüksək qiymətləndirilmişdir.
Azərbaycan dilinin fundamental tədqiqatlarının mərkəzi, dilçilik problemlərinin aparıcı təşkilatçısı Milli Elmlər Akademiyasının Dilçilik İnstitutudur. Azərbaycan dilinin və dilçiliyinin inkişafına təkan verən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin dilçi-alimlərinin beynəlxalq nüfuz qazanmasına yol açır. Dilçilərimizin əsas vəzifələri bu siyasi sənəddən irəli gələn məsələləri qısa müddətdə ləyaqətlə həyata keçirməkdir.
Azərbaycan dili və Azərbaycan dilçiliyinin dünya miqyasında tanınması, bəşəri nüfuz qazanması öz şanlı keçmişindən qaynaqlanıb bu günününü yaratmaqdan və gələcəyinə inamla addımlaya bilməkdən asılıdır. Buna görə də dilimizin və dilçiliyimizin tarixinin dərindən araşdırılması, müasir qloballaşma şəraitində Azərbaycan dilinin həyatın bütün sahələrinə nüfuzetmə qabiliyyətinin gücləndirilməsi, dünya dilçiliyinə inteqrasiya məqsədilə qədim dillər və mədəniyyətlərin öyrənilməsi, psixolinqvistik, sosiolinqvistik və linqvokulturoloji aspektdə intensiv tədqiqatların aparılması, eləcə də kompüter dilçiliyinin inkişaf etdirilməsi institutumuzun qarşısında duran zəruri məsələlərdir. Azərbaycan dilinin nüfuz dairəsinin daha da genişləndirilməsi, tətbiq səviyyəsinin yüksəldilməsi, onun dövlət dili funksiyasının tam şəkildə reallşdırılması üçün monitorinqlərin keçirilməsi də institutun fəaliyyətində aparıcı istiqamətlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azər-baycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 2013-cü ilin noyabrında AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda struktur dəyişiklikləri aparılmış, nəticədə bəzi şöbələr bağlanmış və ya birləşdirilmiş, müasir elmi tələblərə uyğun bir sıra yeni şöbələr yaradılmışdır.
Kaynak: http://www.dilcilik.az/institutun-tarixi.htm